Oyun hazırlamaq üçün komandaya ehtiyacınız olacaq. AAA oyunların* istehsalatı üçün onlarla, bəzən isə yüzlərlə insan güclərini birləşdirsə də, kiçik büdcəli oyun istehsalatı üçün çox daha kiçik komanda yetərlidir.

Lazım olan minimal vəzifələr/rollar:

  • Oyun dizayneri
  • Qrafik dizayner / Səs dizayneri
  • Proqramçı

Ətraflı şəkildə mövzunu izah etməkdən əvvəl bir məsələni qeyd etmək istəyirəm ki, primitiv oyunların hazırlanmağı üçün 1 nəfər yetərlidir. Tək developer bir çox işi özü edə bilsə də, oyunun həcmi və kompleksliyi artıqca, hər sahədə mütəxəssis** olan insanların komandaya qatılmağı daha aktual hal alır. Bunlara əlavə olaraq, oyunun uğurlu olması üçün sadalanan vəzifələrdən başqa PR, marketinq, layihə idarə-edilməsi və başqa bir çox vəzifəni icra etməli olacaqsınız, amma bunlar olmadan da yetərli keyfiyyətdə məhsul ortaya çıxarmaq mümkündür.

Oyun dizayneri

Oyun dizayneri qrafik dizaynerlə qarışıq salına bilər. Gördüyü işləri nəzərə alsaq, bu iki vəzifə arasında heç bir bənzərlik yoxdur, belə ki, oyun dizayneri daha çox bunlarla məşğul olur:

  • Oyun mexanikası, dinamikası və estetik özəllikləri (Mechanics-Dynamics-Aesthetics)
  • Personajlar (Character design)
  • Parametrlərin balanslaşdırılması (Balancing)
  • Mərhələlərin hazırlanması (Level design)
  • İstifadəçi interfeysi (UI & UX)

Bir şeyi nəzərə alın ki, böyük komandalarda bu vəzifələrin bir çoxu (level designer, character designer, gameplay designer/engineer, UI designer və s.) üçün ayrıca bir neçə nəfər və ya bütöv komanda ayrıla bilər. Nümunə üçün Prey oyununun komandasına baxa bilərsiniz.

Məsləhət: Oyun dizayneri statistik və optimallaşdırma hesablamaları etməli (məs. Microsoft Excel və ya Apple Numbers bu mövzuda kömək ola bilər) və sürətli prototipləmə metodlarına (məs. Unity üçün hazırlanmış Playmaker və ya Bolt kimi vizual proqramlama alətləri istifadə edilə bilər) agah olmalıdır.

Qrafik dizayner / Səs dizayneri

Komandadakı incəsənətdən (art) məsul olan şəxs oyun üçün tələb olunan müəyyən elementlərin hazırlanması ilə məşğul olur:

  • 2D elementlər/animasiyalar/effektlər (buna istifadəçi interfeysi üçün tələb olunan qrafik elementlər də daxildir)
  • 3D elementlər/animasiyalar/effektlər
  • Oyunla əlaqədar səslər
  • Oyunun musiqisi

Məsləhət: Oyun üçün tələb olunan elementləri sıfırdan hazırlamağa cəhd etməkdən əvvəl, uyğun qiymətə almağın mümkünlüyünü yoxlamağınız məsləhətdir. Xüsusən də ilkin mərhələdə çox kiçik xərc qarşılığında istehsalatı ciddi şəkildə sürətləndirmək mümkündür. Hətta əgər nəticə tam ürəyinizcə olmasa da, sonrakı mərhələlərdə bu elementləri öz dizayn konseptlərinizə uyğunlaşdırmaq da mümkündür.

Proqramçı

Proqramçı fərqli oyun elementlərinin birgə işləməsini təmin edən şəxsdir. Hal-hazırda bazarda mövcud olan oyun motorları (Unity, Unreal və s.) yetərincə güclü olduğuna görə proqramçıların işləri əvvəlki dövrlərə nisbətən çox dəyişib, belə ki, oyun motoru səhnənin canlandırılması (rendering), fiziki hesablamalar (physics) və s. kimi bir çox məsələləri özü həll edir, proqramçılarsa daha çox bunlarla məşğul olurlar:

  • Oyun funksionallığı
  • Süni intellekt

Məsləhət: Oyun hazırlamağa başlamaqdan əvvəl proqramçının ən az bir oyun motoruna orta səviyyədə hakim olduğundan əmin olun. Bunun üçün onun portfoliosuna baxmağınız kifayət olacaqdır.

Qeydlər

* AAA oyunlar (Triple-A games) adətən $10,000,000 və üzərində büdcəsi olan oyunlardır. Bu cür layihələrin heyəti 400-600 nəfərə qədər çıxa bilir. Təbii ki, komandanın ölçüsü və ya keyfiyyəti heç də uğur qarantiyası vermir. Nümunə olaraq 600 nəfərlik komandanın istehsal etdiyi “Disney Epic Mickey 2: The Power of Two” oyununun uğursuzluğuna baxa bilərsiniz.

** Qətiyyən “dostum filan proqramı bir az bilir, onunla birlikdə işləyəriy” şəklində düşünməyin. Nəticədə ortaya çıxacaq məhsulun çox ürək açan olmamaq ehtimalı böyükdür!

Author

I am founder of DynamicBox Studio, mobile oriented game development studio located in Baku, Azerbaijan. Having spent most of my professional life as Project Engineer, I have utmost interest for data science and game development.