Bir müddət əvvəl (2 ilə yaxın) bir postda bu bloqla əlaqədar planlarımı paylaşmışdım. Məqsəd real bir oyun layihəsinin 0-dan necə hazırlandığını paylaşmaq idi. Əslində planım heç də dəyişməyib, sadəcə bu müddət boyunca qaça-qovda olduğum üçün, vaxt olduqca aktual mövzular haqqında yazmağa çalışırdım. Bu gün şeytanın qıçını qırıb plana geri dönməyə qərar verdim (bu postun yazılmağında heç bir şeytan zərər görməyib 😎), imkan tapan kimi.

Əsl mətləbə növbəti postumda keçid edəcəm və hal-hazırda üzərində işlədiyimiz kiçik bir prototipin oyuna necə çevrilməyini sizinlə bölüşəcəyəm. Bu postda isə bu 2 ilin bizi hara gətirdiyi barəsində yazmaq istəyirəm. Qısacası: Biz kimik?

DynamicBox Studio

Biz kiçik və orta büdcəli oyunların istehsalatı ilə məşğul olan professional studioyuq. Son 1 il ərzində fərqli ölkələrdən (ABŞ, Kanada Çin, BƏƏ) olan müştərilər üçün 8 fərqli oyun layihəsi hazırlamışıq (əsasən 0-dan). Bu oyunlar iOS, Android, WebGL PC platformaları üçün nəzərdə tutulub. Əksər oyunlar məxfilik razılaşmasına (NDA) əsasən hazırlandığı üçün, heyf ki, layihələr haqqında daha ətraflı məlumat verə bilmirəm.

Oyun eksperimentlərinə Macromedia/Adobe Flash vasitəsilə başlasaq da, artıq bu texnologiya son aylarını sayır (dəstəyin dayandırılma vaxtı: 2020-nin sonu). Biz işimizdə sırf Unity oyun motorunu istifadə edirik, Unreal motoru üzərində müəyyən eksperimentlər etməyi planlayırıq. AR (Artırılmış Reallıq) texnologiyası ilə müəyyən eksperimentlərimiz olsa da, əsas fəaliyyətimiz mobil oyunlardır (iOS və Android).

Müsabiqələr

Son 2 il ərzində 2 yerli müsabiqəyə qatılıb (Game JamBlockchain Hackathon), hər ikisində də qalib komandalar sırasına düşməyi bacardıq. Hackathon-da hazırlanan produkt barəsində dəqiq bir söz deyə bilmirəm, amma Game Jam-də hazırladığımız Stolen Crown oyununu yekunlaşdırıb istifadəyə vermək planlarımız var. Oyun haqqında uzun-uzun danışmaq əvəzinə, çalışaram 1-2 ay içərisində prototipini sizinlə bölüşüm.

Bu müsabiqələrin hər ikisində sırf maraq səbəbilə iştirak etmişdik. Yaxın gələcəkdə bir neçə qlobal tədbirə müraciət etmək məqsədimiz var, amma bu daha çox hal-hazırda üzərində işləməkdə olduğumuz oyunların PR-ı üçün olacaq.

Yekun

Haqqımızda qısaca yazmağa çalışdım. Əgər oyun hazırlanmasıyla əlaqədar hansısa spesifik aspektlər sizi maraqlandırırsa, zəhmət olmasa, bu barədə mənə yazın. Növbəti postda görüşmək ümidilə!

Author

I am founder of DynamicBox Studio, mobile oriented game development studio located in Baku, Azerbaijan. Having spent most of my professional life as Project Engineer, I have utmost interest for data science and game development.