Bu postda yeni oyun ideyaları ortaya çıxarmaq üçün bir neçə effektiv metoddan bəhs edəcəkdim, sadəcə əsl məsələyə keçməzdən əvvəl kiçik bir mövzuya toxunmağa qərar verdim.

Ölkəmizin startup icmasında ən məşhur düşüncələrdən biri budur ki: Bizim ideyamız unikaldır və əgər kimsə ondan xəbər tutsa, bir anda iri komandalar bütün işlərini bir kənara atıb bizim layihəmizi icra etməyə atılacaqlar”. 🙂 Əslindəysə, bu düşüncə maksimum dərəcədə həqiqətdən uzaqdır.

Məxfilik, NDA və Möhtəşəm Layihələr

Bu mövzuyla əlaqədar fərqli tədqiqatlar aparılıb. Ümumi göstəricilərə əsasən, startupların 50%-i ilk 5 il ərzində, 75%-i isə 10 il müddətində fəaliyyətini dayandırır. Uğursuzluğun səbəbi çeşidli olsa da CBInsights-ın dərc etdiyi statistikaya əsasən top 20 səbəb aşağıdakılardır:

  1. Məhsula tələbatın olmaması – 42%
  2. Büdcədə maliyyə qalmaması – 29%
  3. Səhv seçilmiş komanda – 23%
  4. Rəqabət – 19%
  5. Qiymət təyin etmə/Xərc problemləri – 18%
  6. Keyfiyyətsiz məhsul – 17%
  7. Biznes Model problemləri – 17%
  8. Zəif marketinq – 14%
  9. Müştərilərə yetərincə diqqət ayrılmaması – 14%
  10. Səhv vaxtda bazara girmək – 13%
  11. Konsentrasiya problemləri – 13%
  12. Komanda/İnvestorlar arasında münaqişə – 13%
  13. Səhv yöndə pivot* etmək – 10%
  14. İstəksizlik – 9%
  15. Uğursuz yer seçimi – 9%
  16. İnvestor/Maliyyə dəstəyi tapmaqda çətinlik – 8%
  17. Hüquqi maneələr – 8%
  18. Şəbəkə/Mentor yetərsizliyi – 8%
  19. Əldən düşmə – 8%
  20. Pivot* etməməkdə dirənmək – 7%

Pivot” termini startup icmasında yetərincə məşhurdur. Klientlərdən müəyyən şərhləri aldıqdan sonra bir çox startup “Pivot or Persevere” (“Yön dəyişmə yoxsa Əzmlə davam etmək“) iclası keçirib eyni şəkildə davam etmək, müəyyən dərəcədə strategiyada dəyişikliklər etmək, yoxsa fəaliyyəti tamamən dayandırmaq lazım olduğuna qərar verirlər.

Qaynaqda bu bəndlərin hər biriylə əlaqədar ətraflı məlumat var. Əsas qeyd etmək istədiyim budur ki, bir çoxlarımızın üzərində işlədiyi layihələrdə bu siyahıdakı digər 19 bəndlə əlaqədar bir çox problemlər var. Məhsulu/xidməti gizli saxlayaraq digər sahələrdəki bir çox suallara cavab tapılmasını çətinləşdiririk (məs. #1: Məhsulu/xidməti açıq şəkildə insanlara təqdim etmədən ona tələbatın olduğuna necə əmin ola bilərik? #6: Aktiv şəkildə istifadə edilmədən məhsulun/xidmətin problemlərini necə təyin edib ortadan qaldıra bilərik? və sairə və ilaxir).

Oynama Testi (Play test)

Eynisi oyun sənayesi üçün də keçərlidir. İlkin ideya formalaşınca, xüsusən də əgər prototipiniz hazırdırsa, mümkün olduğunca başqa insanlardan (ətrafınızdakılar olmasa daha yaxşı olar, çünki onlar sizin qəlbinizi qırmamaq üçün əksərən müsbət rəy verəcəklər) şərh almağa çalışın. NDA (Non-disclosure agreement) imzalamayın, fikirlərin sadəcə ucundan-qulağından nəsə paylaşmayın, qarşı tərəfə yetərli məlumat verməyə cəhd göstərin. Beləcə, bəlkə də heç kəsin vaxt xərcləmək istəməyəcəyi oyunu hazırlamaqdan özünüzü qorumuş olarsınız və bir neçə ayınızı daha mənalı nəyəsə xərcləyə bilərsiniz.

Əks halda nə baş verə bilər? Emmy Jonassen-in Konsoll 2013 tədbirində paylaşdığı məlumatlara əsasən:

  • Müstəqil developerlərin (indie developer) 95%-inin layihələri qazanclı deyil, 80%-i ziyana işləyir.
  • iOS üçün oyun yazan müstəqil developerlərin sadəcə 25%-i bütün fəaliyyətləri ərzində 30,000$-dan artıq pul qazanıb.
Author

I am founder of DynamicBox Studio, mobile oriented game development studio located in Baku, Azerbaijan. Having spent most of my professional life as Project Engineer, I have utmost interest for data science and game development.