Əksər insanlar – istər təlimçilər, istərsə də özünü ekspert hesab edən insanlar – sizə deyəcəklər ki, hər şey ideyadan başlayır. Onu kim deyirsə ***, çünki ideya ən önəmsiz şeydir bu işdə.
Toğrul Səməd (İdeyadan məhsula aparan yol)

Oyun hazırlama prosesinin nədən başladığı müzakirə oluna bilər. Əslində bu bir çox faktordan asılıdır. Məsələn, oyunu hansı məqsədlə hazırladığınız (sırf gəlir, yoxsa yaradıcılıq istəyi), sahib olduğunuz resurslar (real komanda qurmaq imkanınız var, yoxsa sadəcə hansısa şablonu işlədib minimal dəyişikliklərlə oyun hazırlamağı planlayırsınız) və s. Flappy bird klonu yaratmaq fikriniz varsa, hər şey bu oyunu tədqiq etməkdən başlayar, potensial auditoriyanı təyin etməyə çalışarsınız, (qazanc əldə etmək fikriniz varsa) bənzər oyunların gəlirliliyini analiz edərsiniz və sairə və ilaxir.

Öz prioritet və potensialınızı analiz etdikdən, ilkin tədqiqatları tamamladıqdan sonra hələ də oyun hazırlamağa qərarlısınızsa, layihəyə start verməkdən əvvəl sizdə müəyyən ideya olmalıdır. Bu postda (əvvəl də qeyd etdiyim kimi) məhz yeni oyun ideyalarını ortaya çıxarmaq üçün atıla biləcək addımlardan bəhs etmək istəyirəm.

Yeni yoxsa köhnə?!

Bir məsələni qeyd etmək istəyirəm ki, oyun sənayesinə diqqət etsəniz, görərsiniz ki, tamamən yeni ideyalara çox nadirən rast gəlmək mümkündür. Yeni çıxan oyunlar əksərən özündən əvvəl çıxmış oyunları götürüb onlarda aşağıda sıralanmış aspektlərdən bir və ya bir neçəsini dəyişir:

  1. Ölçü (Scale change): Məsələn, Maxis tərəfindən hazırlanmış Sim CityThe Sims oyunlarına göz atsanız, görərsiniz ki, bu iki oyun sadəcə məsələyə fərqli məsafədən baxış təmin edir. Sim City-də siz bütün şəhəri idarə etdiyiniz halda The Sims oyununda sadəcə bir blokluq ərazini (bəzi versiyalarındaysa sadəcə 1 ailəni) idarə edirsiniz.
  2. Rol (Role inversion): Bullfrog Productions tərəfindən hazırlanmış Dungeon Keeper oyununu misal gətirmək olar. Əksər zindan dolaşma (dungeon crawler) janrlı oyunlarda qəhrəman zindana enib ordan lazımlı resursları əldə edib çıxmağa çalışır. Bu oyunda tam əksinə, baş personaj qəhrəmanların uğurlu olmamağı üçün zindanı lazımlı şəkilə salmaqla, maneələri yerləşdirməklə məşğul olur.
  3. Quruluş (Setting change): Kairosoft studiyasının ərsəyə gətirdiyi Game Dev Story oyunu digər idarə/simulyasiya oyunlarından əsasən sizi oyun studiyasının idarəsinə qoymasıyla fərqlənir. Təbii ki, yer/məkan fərqlərindən qaynaqlanaraq digər mexanikalar da avtomatik olaraq dəyişir, əlavə olunur.
  4. Oyun mexanikası (Game mechanic alteration): Number One studiyası tərəfindən hazırlanmış Braid oyununa nəzər yetirsəniz, görərsiniz ki, bu oyunu digər 2D platformerlərdən fərqləndirən özəlliyi əsasən 1 mexanikadır – zamanı idarə edə bilmək qabiliyyəti.

Bu cür yanaşma tərzinin əsas üstünlüyü, artıq mövcud olan alıcı kütləsinə xitab etməyinizdir. Tamamən yeni məhsulu insanlara təqdim etmək əvəzinə, onlara tanış olan hansısa məhsulun bir növ yenilənmiş və daha üstün versiyasını təqdim edirsiniz. Yenə də, yeni idayalarla insanları heyrətləndirməyə qərarlısınızsa…

Hər zaman axtarışda olmaq

Hər zaman axtarışda olmaq

Gözəl oyun ideyası ortaya çıxarmaq üçün heç də bir otağa qapanıb saatlarca düşünmək şərt deyil. Bunun üçün istifadə edə biləcəyiniz daha rahat metodlar var:

  1. Bol-bol sual soruşun
    Məlumatları olduğu kimi qəbul etməyin, bol-bol sorğu sual edin. “Nə? Necə? Niyə?” suallarıyla ümumi prosesi başa düşməyə çalışın.
  2. Mövcud sistemləri analiz edin
    Məsələn, qarışqa koloniyasıyla maraqlanın. Koloniyaların strukturu, ölçüsü, qarışqa kraliçası və s.
  3. Yeni nəyəsə cəhd edin
    Həyatınızda bu anadək cəhd etmədiyiniz nəyisə test edin. Yeni musiqi aləti öyrənməyə başlayın, rəssamlıq dərsləri alın, dağa dırmanın, Gəncəyə səyahət edib Kəpəz – Qarabağ oyununu izləyin. 😀
Ideyalarınızı bir kənara qeyd edin

Bunları edərkən ideyalarınızın it-bata düşməsinə imkan verməmək üçün bir kənara qeyd etməyi unutmayın. Çünki ideyanı harasa qeyd etmek onun ömrünü uzadır! Oyun ideyası sadəcə “platformaların üzərində atlayaraq irəliləyən gombul pişik oyunu” deməklə tamamlanmır. Bu prosesdə bir çox suala cavab tapmalısınız:

  • Gameplay: Oyunçu nə edir? Hansı məhdudiyyətlər var?
  • Storytelling: Hadisələr harada və nə vaxt baş verir?
  • UX: Oyunun estetik xüsusiyyətləri necə olacaq?
  • Technology: Oyun necə düzəldiləcək?
  • Experience: Oyunçuya hansı hisslər ötürülməyə çalışılır?

Tez-bazar ideya generatoru

Tez-bazar ideya generatoru

Tək və ya dostlarınızla toplaşıb özünüzə rahat bir yer tapın. Məqsəd 15 dəqiqə müddətində mümkün qədər çox ideya ortaya çıxarmaqdır. İdeyalarınızda yuxarıda qeyd edilmiş 5 aspektə (gameplay, storytelling, UX, technology, experience) cavab tapmağa çalışın və uzun-uzun müzakirə etmədən bir kənara qeyd edin. Bu proses çox primitiv səslənə bilər, amma təkrarlandıqca daha uğurlu konseptlər ortaya çıxaracaqsınız.

İkinci mərhələdə növbəti 15 dəqiqə boyunca qeyd etdiyiniz ideyalardan ən uğurlu olduğunu düşündüyünüz bir neçəsini seçib beş aspektin hər biriylə əlaqədar olan suallara ətraflı cavab tapmağa çalışın.

Üçüncü mərhələdə özünüzə/qrupa 5 dəqiqə vaxt ayırın. Bu müddət ərzində oyuna ad seçin, oyunu 30 saniyə içərisində kiməsə təqdim edə biləcəyiniz formata salın (elevator pitch*).

Və son olaraq, bu ideyanızı bir-neçə nəfərə real olaraq təqdim edin. Bunun üçün əvvəlcədən hazırladığınız 30-saniyəlik təqdimatı istifadə edin. Əgər ideyanızın oğurlanacağından qorxursunuzsa, əvvəlki postuma bir göz atın.

İdeya ağacı

İdeya ağacı

İlkin olaraq, maraq dairənizdə olan 3-5 ümumi fəaliyyət seçin. Məsələn, şahmat, səyahət və kitab oxumaq. Seçərkən həqiqətən də marağınız olan sahələri seçdiyinizdən əmin olun, çünki bu mövzuda oyun düzəldəcək olsanız, növbəti N-qədər müddəti buna ayıracaqsınız.

Bu fəaliyyətlərlə əlaqədar sizə xoş gələn bir neçə element qeyd edin və fəaliyyəti şaxələndirin. Məsələn, səyahət misalında ola biləcək şaxələr: kəşf etmək, çətinliklərlə mübarizə aparmaq və s.

Üçüncü mərhələdə bu şaxələrə müəyyən şərtlər əlavə edin. Hansı dövr (qədimi, orta çağlara xas, futuristik və s.)? Hansı emosialar aşılanır (qorxu, rəqabət, əyləncə və s.)? Bu kimi şərtləri fəaliyyətin özünə və şaxələrə əlavə edərək konseptə rəng qata və yeni konseptlər hazırlaya bilərsiniz.

İdeya ağacı

Nümunə üçün, gəlin şahmat fəaliyyətini seçdiyimizi düşünək. Deyək ki, şahmatda bizə xoş gələn strateji qabiliyyətləri istifadə etməkvaxt məhdudiyyətidir (2-ci mərhələ). Strategiyanın özünü də şaxələndirməyə çalışaq və deyək ki, bizə sonrakı addımları planlamaqmanevr etmək xoş gəlir. Təbii ki, ən başdan daha fərqli aspektləri seçə bilərdik, amma alınan nəticəyə şərtlər əlavə etsək (3-cü mərhələ), ilk ağlıma gələn bu oyunlar olar:

  • Şahmat + dövr + yer + şərait: 13-cü əsrdə Fransada kasıb bir ailədə doğulmuş bir gəncin şahmatla məşhur şəxsə çevrilməsi (Bu dövrdə pulla şahmat o qədər məşhurlaşıb ki, 1254-cü ildə kral qumara qarşı yeni sərəncam imzalayıb).
  • Vaxt məhdudiyyəti + emosialar: Naməlum bir yerdə ayılırsınız və tapdığınız qeydə əsasən sadəcə 10 dəqiqə müddətinizin olduğunu anlayırsınız. 10 dəqiqə içərisində otaqdan çıxış tapa biləcəksinizmi?
  • Manevrlər + yer: Restorana ofisiant olaraq işə düzəlmisiniz. Sifarişləri daşıyıb müştərilərə çatdıra biləcəksinizmi?

Təbii ki, bu ideyalar hələ çiydir və yekun konsept deyil. Bunları bir kənara qeyd edib arada bunlar haqqında düşünün. Bəlkə də həyatınızda qarşılaşdığınız hansısa hadisə və ya tamamilə başqa məsələylə əlaqədar düşündüyünüz hansısa fikri bu konseptlərdən biriylə sintez edincə ortaya hansısa “mükəmməl” ideya çıxacaq?! İdeyalarınızı digərləriylə paylaşın, nə düşündüklərini öyrənin və vaxt xərcləməyin səmərəsiz olduğu ideyaları bir kənara atın. Testlərdən fərqli olaraq, ideyalarda ilk ağlınıza batan cavab doğru deyil. 🙂

Onlayn ideya generatorları

Əgər ideya qıtlığı problemi yaşayırsınızsa, yararlana biləcəyiniz onlayn servislər var. Bunlardan biri “I need a prompt” veb saytıdır. Cümlədə hansı üzvlərin olacağını təyin edib “Prompt” düyməsinə basaraq bir çox (əksərən qeyri adi, bəzənsə anormal) ideya ortaya çıxara bilərsiniz. Bunlar sizə ilkin mərhələdə maraqlı ideyalar verə bilər, sonrası artıq qalır sizin xəyal gücünüzə.

Qeydlər

Qeydlər

* “Elevator pitch” konsepti biznes aləmindən qaynaqlanır. İdeyanızı hansısa (əlaqələri, resursları və s. olan) şəxsə təqdim etmək üçün əksərən çox qısa zamanınız olur. Bu zaman miqdarını ofisdən çıxıb avtomobilinə minmə anına qədər olan və ya liftdə qarşılaşmada lazımi mərtəbəyə çatana qədər olan vaxta bənzədirlər (addakı elevator sözü də burdan gəlir). Bu şəxsi maraqlandırmaq üçün 20-30 saniyə vaxtınız var və uğurlu olsanız ideyanızı daha ətraflı izah etmək üçün şans qazanacaqsınız. Bu qısa müddət ərzində nələri deyərsiniz?!

Author

I am founder of DynamicBox Studio, mobile oriented game development studio located in Baku, Azerbaijan. Having spent most of my professional life as Project Engineer, I have utmost interest for data science and game development.