Təkrar salam.

Bu bloqla əlaqədar çox tərəddüd etdim (əvvəlki postla bu yazının arasında 5 aydan çox müddət keçməsi də bu səbəbdəndir). Heç cürə qərar verə bilmirdim. Hətta bir neçə dəfə yazmağa başlayıb natamam şəkildə işin başını buraxdım. Bunun əsasən iki səbəbi var:

  1. Yetərincə boş vaxtın olmaması
  2. Ehtiyac olan kontentə qərar verməkdə çətinlik

Boş vaxtın qıtlığı

Ağır iş yükü

Hal-hazırda hələ də Layihə Mühəndisi vəzifəsində işləyirəm. İş günləri bütün enerjimi iş və Bakı-Sumqayıt qatarında öyrənməyə çalışdığım Coursera kursları alır. İşdən kənar qalan vaxtı da bir çox layihəyə ayırmaq məcburiyyətində qalıram.

Bir məsuliyyət daha götürmək nə dərəcədə məntiqlidir bilmirəm. İşi başlayıb natamam saxlamaq da heç xoş deyil. Amma ki, az da olsa cəmiyyətə fayda vermək məqsədilə mümkün olduğunca həftədə 1 post yazmağa qərarlıyam.

Kontent

İkinci bir məsələ bloqun kontenti ilə əlaqədar idi, belə ki nə barədə yazacağım mövzusunda qərarsız qalmışdım.

Kontent qıtlığı

İlkin ağlıma gələn, insanlara ana dilimizdə Unity oyun motorunu və müxtəlif sirrlərini anladan təlimlər hazırlamaq oldu. Bloq əsasən başlanğıc-orta səviyyədə olan Unity istifadəçilərinə xitab edəcəkdi. Bu böyük miqdarda vaxt və enerji tələb edən iş idi və Unity-ni öyrənənlərlə danışıqlardan gördüyüm qədərilə bu cür resursa ehtiyac yox imiş. 🙂 Əksər istifadəçilər rus və ya türk dillərini yetərincə yaxşı bildikləri və bu dillərdə istədikləri keyfiyyətdə resursları rahatlıqla tapa bildikləri üçün bu fikrimi bir kənara atdım.

Ümumiyyətlə yazmamaq əvəzinə, ağlıma başqa bir məsələ gəldi… Bu postu yazarkən bir tərəfdən də güclü rejimdə gələn həftəyə hazırlıq gedir. Belə ki, gələn həftə ilk oynumuzu (Neurobit) PlayStore-da istifadəyə verməyi planlayırıq. Əsaslı hissəsinin hazır olması ilə əlaqədar olaraq, yeni 2 oyunun müzakirə və planlamasını da aparırıq.

Cızma qara

Düşündüm ki, elə əla fürsətdir düşüb əlimizə… Ən məntiqlisi, ana dildə müəyyən bir oyunun 0-dan hazırlanma prosesini anladım (Coursera-dakı “Game Design and Development Capstone” kursuna əsasən olacaq və aşağıdakı mərhələlərdən ibarət olacaq):

  1. Ideya
  2. İlkin prototip və Testlər
  3. Sonrakı prototip və Testlər
  4. Alfa test
  5. Beta test
  6. İstifadəyə vermə

Təbii ki, bir çox spesifik detalları açıqlamağım mümkün olmayacaq, amma ümumi olaraq hər mərhələni mümkün olduğunca sizlərə çatdırmağa çalışacam.

Yekun

Qısacası – belə… Yeni bir eksperimentə (bloq) start verirəm və nəticəsinin uğurlu olacağına ümid edirik. Əsas xahişim, öz rəy (müsbət və ya mənfi) və fikirlərinizi məndən əsirgəməyin.

Növbəti postlara qədər…

Author

I am founder of DynamicBox Studio, mobile oriented game development studio located in Baku, Azerbaijan. Having spent most of my professional life as Project Engineer, I have utmost interest for data science and game development.